Deadline-lı oyunlar

Paylaş!

Hardasa üç həftə bundan əvvəl facebook dostluğumda olan bir nəfərin ölüm xəbərini eşitdim. Şəxsən tanımasam belə ictimai fəaliyyətinə görə tanıyırdım və fikirlərini izləyirdim. O şəxsin səhifəsinə daxil olanda bir paylaşım marağımı cəlb etdi —  rəhmətlik ölümündən iki-üç gün əvvəl dünyasını dəyişmiş Demis Russosun mahnısını paylaşıb » bu da belə getdi» yazmışdı. Hardan bilərdi ki, özü də bir neçə gün sonra dünyasını dəyişəcək?

 Tanıdığım hər bir insanın ölüm xəbəri mənə pis təsir edir. Bu xəbəri də eşidib bir anlıq daldım fikrə və özüm-özümə düşünməyə başladım. Yadıma düşdü ki, uşaq vaxtından və məktəb partasından özüm barədə öyrəndiyim ilk dərslərdən birisi o idi ki, mən zaman limitləri verilən məşğuliyyətləri sermirəm — imla olsun, çalışma olsun, ya da hər hansı kompyuter oyunu olsun.  Vaxt keçdikçə az da olsa o hissə qalib gəlsəm belə anladım ki, ətrafımda «tonn»-larla insan da mənim kimi, indiki dillə desək «deadline» olan işlərə rəğbət bəsləmir. Səbəblər çoxdur, əsas odur ki, biz hansısa tərəfdən «qovulduğumuz» təqdirdə həyəcanlanırıq, özümüzü göstərə bilmirik və konsentrasiya ola bilmirik.

Sonraki fikir məni dondurdu — «deadline»-lı oyunlardan qaçsaq belə bizim həyatımız bu oyunun ən bariz nümunəsidir. Hər insan doğulur, böyüyür, yaşayır və ölür. Təsəvvür edin ki, bu həyatda ən real bir şey . . .  ölümdür!

Sonra ətrafıma baxdım — sosial şəbəkəyə, iş yerimə, dost-tanışa. Anladığım o idi ki, cavan olanda biz elə bilirik ki, hələ vaxtımız var. «Hələ cavan oğlanam» mən mahnısı özümüzə şüar olaraq götürüb «beş günlük dünyadır, kef elə» deyib yaşamağa çalışırıq. Bəs yaxşı heç düşünmüsünüz mü sabah Siz ölsəniz nə olacaq? Kimin həyatı dəyişəcək? Sizdən xatirə  nə qalacaq? Özünüzdən sonra hansı izi saxlamaq istərdiniz və bu gedişlə hansı iş saxlayacaqsınız ?

Mən belə danışanda ailəm ağzımdan vurur ki, bədbin danışma. Heç nə demirəm. Allah Sübhan və Təala Qurani Kərimdə deyir ki, “Siz onu [ölüm və dirilişi] uzaq hesab edirsiniz, biz isə onu yaxın hesab edirik” (Mearic; 6-7) və «Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq» (Nisa, 78).

Fərqi yoxdur, Siz inanclısız, ateistsiniz və ya bu barədə heç düşünməmiş bir insan. Hər birimizin bu barədə seçim imkanımız olması ilə bir yerdə hər birimizin özünə verməli olduğu suallar var. Əslində həyat dediyimiz bir imtahan çox qısadır və qərək ki, insan oğlu suallara cavablar axtarsın.

Ey gənc dostum!

Bu sözləri oxuyub elə düşünməyin ki, indi özümü ölürməyə gedirəm. Qətiyyən, əksinə, çox yaşamaq istəyirəm! :)

Sənin, mənim, bizlərin nə qədər vaxtı qaldığını heç kim bilmir. Bir deadline-lı oyunda hər birimiz oyunçuyuq, məqsədimiz eyni olduğu təqdirdə hər birimizin ayrı vaxt limiti var. Deyilənə görə qərb cəmiyyətində məşhur olan «boyskaut»-ların belə bir şüarı var — «Be Prepared», yani «Hazırlıqlı ol!». Mənim də Sizə və özümə məsləhətim odur ki, qərək hazırlıqlı olaq. Sonun nə zaman gələcəyini bilməsək belə ona hazırlaşmalıyıq. Etmək istədiyimiz işləri, demək istəiyimiz sözləri, atmaq istədiyimiz addımları gəlin ataq, edək, deyək! Sizləri sevirəm!

 

P.S

Mən bilmirəm bu sözləri yazandan nə qədər sonra gözlərimi yumacam. Həyat nə qədər şirin olsa belə, ölüm də o qədər realdır. İstəyirəm ki, məni aktiv, yardımsevər, insaniyyətə inanan nikbin bir müsəlman kimi tanısınlar (demirəm ki, eləyəm, lakin elə olmağa çalışacam). Üzərimdə haqqı olan hər bir kəsdən halallıq istəyirəm və istəyən hər bir kəsə halallıq verirəm.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *