Dostunu göstər mənə

Paylaş!

5-1Hardasa 1 ay əvvəl bir fikir oxudum və facebook profilimdə paylaşdım. O fikirdə deyilirdi ki, «Sən ən çox vaxt keçirdiyin, danışdığın 5 nəfərin ortalamasısan» . (Cümləni anlamaq üçün bir də oxuya bilərsiniz.)

Sonra baş verənlər daha da maraqlıydı — mənə bir neçə insan yazaraq bildirdi ki, bəs bu fikir onları çox düşündürdü. Özüm də elə onların bu sözlərindən «çorta» düşüb başladım içimdə qazıntı aparmağa və bu gün bu nəticələri bölüşmək istəyirəm:

 

1.  Kişi kimi deyim ki, ən çox danışdığım 3 nəfər tapdım. 2 nəfərlik yer hələ boşdur. Çox düşündüm, amma ağlıma çox adam gəlmədi.

 2.  Heç zaman qəbul etmədiyim bir söz var — yaxın dost, çünki «dost» sözü özü-özlüyündə yaxın deməkdir, onun uzaq-yaxını olmur!

 3.  Əgər yaxın dostunun olmasını istəyirsənsə birinci özün yaxşı dost olmalısan.

4. Dost olmaq birinci bacarıqdır. Bu bacarıq anadangəlmə olmur, inkişaf etdirilir.

 5.  Dostların sayı 1 əldə olan barmaq sayından çox olmaz. Çox olmamalıdır.

Başqa yaxşı bir söz də var: bizi biz edən oxuduğumuz kitablar, gördüyümüz ölkələr, baxdığımız filmlər və əsası tanış olduğumuz insanlardır.

Ətrafınıza baxın, bir kağız götürüb ən yaxın 5 nəfərin adını yazın. Hər şəxsin qarşısında onları fərqləndirən 3 xüsusiyyəti qeyd edin, mənfi və ya müsbət. İndi bu kağıza baxın. Əslində orada qeyd olunan 5 nəfər və 15 xüsusiyyət daha çox sizin barədə məlumat verir.

Biz fikir vermirik, lakin bizim ətrafımız bizi formalaşdırır. Zərrə-zərrə, dəqiqə-dəqiqə, hissə-hissə. Onların danışığı, fikirləri, baxışları, duruşları bizə təsir göstərir. Hətta zövqlərimiz belə onların təsiri olmadan ötüşmür. Fizikada belə bir prosses var, adı «diffuziya»dır. Biz də bir fiziki element kimi olsaq bizimlə əlaqədə olan digər elementdən nəsə götürürük  və ona da nəsə veririk.

5Daha güclü olanlarımız ətrafına daha çox nəsə verir, paylaşır. Digərləri daha çox götürür. Son nəticə olaraq biz daimi prossesin içindəyik. İnsan övladı dayanmadan dəyişir. Ona təsir göstərən xarici faktorların ən güclüsü onun ətrafındakı insanlardır.

Bu yazının əsas mesajı odur ki, insan seçimində diqqətli olun, çünki o insanlar ya birbaşa, ya da dolayı yolla sizi formalaşdırır. Əgər sizin ətrafınızdakı ilk 5 lik pessimistdirsə sizin pessimist olma ehtimalınız böyükdür, əgər ətrafınızdakı 5lik bütün günü geyim və paltardan danışırsa sizin də elə düşüncə sahibi olmanız normaldır.

Çox vaxt biz düşünürük ki, biz dostlarımızı seçmirik, həyat elə gətirir. Mən bununla razı deyiləm. Mən ümumiyyətlə bəxtə-şansa buraxılan və ya ayağı ona bağlanılan heç bir söhbətlə razı deyiləm. İnsanı insan edən onun qərarları və daşıdığı məsuliyyətdir. Ona görə də, mənim əzizlərim, dostlarımızı da gərək özümüz seçək. İndi bir ətrafınıza baxın, görün sizin 5lik sizi hara aparır. İndi özünüzə bir sual verin: Siz o yolda getmək istəyirsiniz? O yol Sizə nə verəcək?

Əgər gördüklərinizdən razı deyilsinizsə 3 seçiminiz var (seçim ümumiyyətlə hər zaman var, kim nə deyir desin):

1. Dostlarınızı dəyişmək, yeni-yeni dostlar tapmaq

2. Dostlarınızı dəyişmək, yeni köhnələrin düşüncəsini dəyişmək

3. Mənə inanmayaraq yolunuza davam etmək.

İlk 2 seçim hünər, iradə istəyir. Həyatı yaşamaq kimi. Gələcəyinizi düşünürsünüzsə birinci beyninizi, sonra isə ətrafınızı təmizləyin.

Birdə ki, dost dediklərinizlə yola çıxın, səyahət edin, yoxlayın. Bu isə növbəti yazımın mövzusudur. Hələlik isə papağınızı qoyun qabağınıza və düşünün.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *