Kitabxanam: Piter Quber — Qalib gəlmək üçün hekayəni danış

Paylaş!

talk6BookChallenge başlayandan mənim ən çox çətinlik çəkdiyim işlərdən birisi oxumağa kitab tapmaqdır. Səbəb olaraq onu qeyd edə bilərəm ki, oxumaq istədiyim kitablar barədə çox seçiciyəm və oxucularımı ən yaxşı kitablarla təmin etmək istəyirəm. Bu dəfə danışacağım kitab bir çoxlarınız üçün bir ilkdir, müəllifi barədə çətin ki, eşidəsiniz və kitabın adı Sizə bir məlumat vermir. Mən bu kitabı necəsə təxminən 1 il bundan əvvəl almışdım, «təsadüfən» və keçən həfət oxumağa kitab axtaranda qarşıma bu çıxdı. Çarəsizlikdən seçdiyim kitab əslində bu il oxuduğum ən praktik kitablardan birisinə çevrildi. Ruslar demiş, «обо всем по порядку».

Müəllif barədə məlumat: Biz adi insanlar Piteri tanımasaq belə okeanın o tayında bu şəxs kifayət qədər tanınmış birisidir. Çox təcrübəli top menecerdir (Columbia Pictures kimi şirkətin başında olub misal üçün), kino industriyasında yaxşı təcrübəsi var ( Oskar almış «Rain Man (Человек дождя)» filminin baş prodyusseri olub), idman sahəsində investisiyaları var —  NBA-də və Milli Beysbol Liqasında bir komandanın şərikidir. ABŞ-da kino, teatr, siyasət, idman və s. sahələrəd bir çox ulduzla tanışdır və çox böyük şəbəkəsi var (aşağıda bu barədə daha ətraflı yazacam). Bundan başqa isə o kitab yazır, özüdə necə lazımdır və  2011-ci ildə New York Times   «No. 1 Bestselling Author» adına layiq görülüb.

talkKitab barədə məlumat: Sizə bir şey deyim. Təsəvvür edin ki, kitabın üz qabığında kitab barədə fikirlərini Bil Klinton paylaşıb. Klinton, Karl, Klinton! Kitab 2011-ci ildə işıq üzü görüb və həmən ili Amazon və Wall St. Journal
kimi hörmətli nəşrlər tərəfindən ilin bestselleri seçilib.
Kitabın əsas ideyası ondan ibarətdir ki, ən güclü satış-alış-inandırma aləti bizim bildiyimiz sadə hekayələrdir. Biznesmenlər hər zaman və hər yerdə öz hekayələrini paylaşırlar və bu onlara irəli getməyə imkan yaradır. Müəllif qeyd edir ki, hər bir uğur hekayəsi — insanlara yönəlik olan və onlarda rəngli emosialar yaradan bir vasitədir.
Piter əmi deyir ki, biznes dediyin sadəcə rəqəmlərdən ibarət deyil və misal verir: «keçən il biz 12 million pul itirdik — bu adi riyaziyyatdır. Bax əgər soruşsaq ki, nəyə görə itirdik — bu artıq bir hekayədir». Müəllif qeyd edir ki, hətta ən «obyektiv» rəhbərlər belə ən vacib qərarları rəqəmlərə əsasən yox, hekayələrə əsasən verirlər. Fİkrini davam etdirərək o qeyd edir ki, müştəri HƏR ZAMAN arxasında hekayə olan əşya, malı almağa çalışır, hətta şüuraltı olsa belə.

Bu kitabı kimlər oxumalıdır: İlk növbədə — biznes insanları. O kəslərə ki, daima ünsiyyətdədir, insanlarla işləyir, görüşlərdə olur, kiməsə nəsə izah edir və inandırır. «Biznes insanı» dediyin sadəcə yekəqarın «toçka» sahibi demək deyil. Satış, marketinq, PR, HR və idarəçilik sahələrində işləyən və işləməyi düşünən şəxslər oxumalıdırlar, çünki kitab onlara istifadə edə biləcəkləri çox effekitv bir alət təqdim edəcək.

talk3Nəyə görə bu kitabı oxumaq lazımdır: Çox, amma çox asan dillə yazılıb. Elə bil Piter nəvələrinə öz həyatı barədə danışır və hekayə alətinin necə vacib olmasını misallarla sübut edir. Kitabda ən çox bəyəndiyim ikinci məqam — məhşur insanlar (Bil Klinton, Devid Koperfild, Stiven Spilberq, Məhəmməd Əli, Toni Robins və s.) və hadisələr barədə bilmədiyim çoxlu məqamlar qeyd edilməsidir. Hər səhifədə tanıdığım aktyor, siyasətçi, film, hadisə barədə pərdəarxası məlumatlar verilib və bu çox maraqlıdır.

Kitab hekayələrin vacibliyi sübut edən məhşurların başına gəlmiş hekayələrdən ibarətdir (bir az çətin cümlə oldu, bilirəm, çox da şey eləməyin).

Bundan əlavə müəllif sadəcə demir ki, hekayə danışın və zor olacaqsınız. Kitabın çox düzgün strukturu var — necə düzgün hekayəni tapmaq olar, yoxdursa necə yaratmaq olar, necə hazırlaşmaq lazımdır, kimə nəyi necə danışmaq olar və ən əsası necə çatdırmaq olar.

Kitabın əsas mesajı: Müəllif demiş, if you can’t tell it you can’t sell it (bunu mənə söyləyə (çatdıra) bilmirsənsə, onda bunu mənə sata bilməzsən)

talk5Kitabdan maraqlı fikirlər:

  • risk insanı dəyişir, lakin sağ qaldığı təqdirdə
  • həyatımızı dəyişən hekayələri biz hər zaman yadda saxlayaraq təkrarlayacayıq
  • hər bir hekayə gözləntilərin dağılması üzərində qurulur
  • hekayənin uğuru hekayədən yox, çatdırılmaqdan asılıdır
  • hekayən yoxdursa biznesində yoxdur (no story — no business)
  • ən gözəl hekayələr qəlbdən qəlbə gedənlərdir
  • uğuru paylaşmağı bacarmırsansa demək ki, uduzmusan
  • əgər şir öz hekayəsini paylaşmırsa bunu onun əvəzinə ovçu edəcək
  • ən yaxşı natiqlər  ən yaxşı dinləyənlərdir
  • dahi liderlər bir az kardırlar. «Yox» əvəzinə onlar «İrəli» eşidirlər
  • auditoriyanın gözü hər hansı natiqin danışığından hər zaman daha sürətlidir
  • maraqlısı odur ki, fokus olduğun bir çox şey gələcəkdə reallaşır. ona görə də fokusuna diqqət yetir
  • bizim gələcək uğur ya uğursuzluğumuz bizim enerjimizin səviyyəsi ilə ölçülür
  • Hekayə monoloq yox, dialoqdur. Ona görə də danışan şəxs hər zaman qarşındakını nəzərə almalıdır

Kitabın ümumi qiyməti: 10 baldan kişi kimi 8 bal qazandı bu kitab məndən.

Kitabın rus dilində variantını əldə etmək istəyənlər hər zaman olduğu kimi togrulalakbar@gmail.com ünvanına müraciət edə bilərlər. Uğur olsun, əzizlərim!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *