Nəyə görə «yaxşı oğlan» olmaq lazım deyil?

Paylaş!

good3Bilirsiniz, bu ölkənin bir problemi elə bu yaxşı oğlanlardır. Onlar hər yerdədirlər — evdə, işdə, küçədə, mağazada, universitetdə. Onlar bizim beynimizdə özlərinə məskən salıblar və orada yaranan nadir fikir imkanlarımızı işğal ediblər. Məhz o «yaxşıoğlanizm» fəlsəfəsi bizə diqtə edir ki, kifayətlən, artıq istəmə, yaxşı insan ol və bu sənə imkan yaradacaq ki, yaxşı iş tapasan və karyera qurasan.

«Yaxşıoğlanizm» tərəfdarlarını fərqləndirən cəhətlər bunlardır:

  • Kiçik məqsədlər təyin etmək
  • Mükəmməldən qaçmaq
  • Axtarışda olmamaq, hər şeyi hər zaman etdiyi tərzdə etmək
  • İşləri yaxşı etməklə kifayətlənirlər

Onların istifadə etdiyi sözlər:

  • «Neyniyim axı, bacardığım bu qədərdir»
  • «Müəllim, mən çalışdım axı və yaxşı alındı»
  • «Mükəmməl iş onsuzda yoxdur»

Bizim işçilər, tələbələr, adı vətəndaşlar və hətta az çox uğur qazanmış insanlar bu «yaxşıoğlanızm»-ə tutulurlar. Onlar gördükləri işi sadəcə yaxşı görürlər, nəticənin yaxşı olduğu təqdirdə sevinirlər. Onlar anlamırlar ki, lap tutaq ki, mükəmməllik olmasa belə biz hər zaman istər-istəməz ona doğru getməyə çalışmalıyıq.

good2Fəxri müəllim demiş, bizdə işə gələn namizədlərin özləri barədə deyə biləcəkləri xüsusiyyət elə məhz budur — mən yaxşı oğlanam. Bizə onları tapşırmaq istəyən insanlar da bunu deyirlər — onlar yaxşı oğlandırlar. Lakin onlar anlamırlar ki, yaxşı oğlan olmaq peşə deyil, ixtisas deyil. Belə pis çıxmasın, belə yaxşı iş olsaydı diplomu olardı da ən azı! Bu rezymedə qeyd oluna biləcək bir şey belə deyil. Təsəvvür edin bir namizəd «şəxsi keyfiyyətlər» bölməsində yazıb ki, bəs mən yaxşı oğlan təbəqəsindənəm. Gülməlidir, elə deyil mi?

Mən qətiyyən demirəm ki, yaxşı insan olmaq lazım deyil. Məhz belə qarışıq zamanda biz yaxşı insan olmağa çalışmalıyıq, lakin bununla bir yerdə biz anlamalıyıq ki, irəli getmək üçün yaxşı oğlan olmaq artıq bəs etmir.

Siz bir işçi, mütəxəssis, kadr kimi digərlərindən fərqlənməlisiniz, «yaxşıoğlanizm» isə əksinə sizi hamı ilə bir edir, ümumiləşdirir. Siz artıq fərd olmursunuz və kütlə Sizi də öz arasına alır.

goodBu yaxınlarda oxuduğum kitabda gözəl bir ifadə qarşıma çıxdı. Sonralar yadıma düşdü ki, bəs mən onu hardasa əvvəl görmüşdüm. İşçilərimə aylarla demək istədiyim və dediyim sözləri o cümlə rahat şəkildə çatdırır. Əslində bu yazını da məhz bu cümləyə görə yazdım:

İngilizcə o ifadə belə səslənir: Good is the enemy of Great. Bizim dildə isə belə demək olar — «Yaxşı Ən yaxşının düşmanıdır».

Siz hardasa, hətta çox yerdə yaxşı ola bilərsiniz, lakin uğur qazanmaq, tarix yazmaq üçün mütləq şəkildə hardasa, nədəsə ən yaxşı olmalısınız. Ən pis halda, çalışmalısınız :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *